Sabirabad klubunu dünya nəhəngləri ilə sınaq gözləyir
26 oktyabr – 1 noyabr tarixlərində Türkiyədə çimərlik futbolu üzrə klublararası “Alanya 2026 Dünya Qaliblər Kuboku” turniri keçiriləcək.
Sportline.az xəbər verir ki, turnirdə 32 ölkədən 48 komanda iştirak edəcək.
Turnirin oktyabrın 13-də baş tutan təqdimat mərasimində yerli hakimiyyət nümayəndələri və çimərlik futbolu təmsilçiləri bir araya gəlib. Tədbirdə yarışın miqyası və təşkilati məsələlər barədə ətraflı məlumat verilib, Alanyanın beynəlxalq idman turizmi mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsində oynayacağı rol müzakirə olunub.
Turnir 2019-cu ildən sonra ilk dəfə yenidən yarandığı şəhərə – Alanyaya qayıdır.
Yarışda dünyanın beş qitəsini təmsil edən 32 ölkədən ümumilikdə 48 klub iştirak edəcək. İştirakçılar arasında “Barselona”, “Marsel”, “Benfika”, “Flamenqo” və bir çox digər dünya nəhəngləri də yer alır.
Azərbaycan bu turnirdə “Tourgood Travel” və “Redesign Luxury” şirkətlərinin dəstəyi ilə “Marafon” İdman Klubunun (Sabirabad) çimərlik futbolu komandası ilə təmsil olunacaq.
Komandalar Alanya Beynəlxalq Çimərlik İdman Mərkəzində kişilər və qadınlar arasında çempionluq titulu uğrunda mübarizə aparacaqlar.