George Haci Mirça Redniki qovdu

Rumıniyanın "Viitorul" klubu "Xəzər Lənkəran" futbol komandasının sabiq baş məşqçisi Mirça Rednik ilə yollarını ayırıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssisin müqaviləsi vaxtında əvvəl ləğv edilib. Klub rəhbərliyi nəticələrin qənaətbəxş olmaması səbəbindən Redniklə vidalaşmağa qərar verib.

Qeyd edək ki, Mirça Rednik "Viitorul"a ötən ilin dekabrında baş məşqçi təyin olunub. Əfsanəvi futbolçu George Hacinin sahibi olduğu komanda ardıcıl ikinci mövsüm ilk "6-lıq"dan kənarda qalıb. Komanda hazırda 31 xalla 11-ci yerdədir.

Mirça Rednik 2010-cu ilin iyulundan 2011-ci ilin dekabrınadək "Xəzər Lənkəran"ın baş məşqçisi olub. "Ağ-yaşıllar" onun rəhbərliyi dövründə 2010/2011 mövsümündə Azərbaycan Kubokunu və Premyer Liqanın gümüş medallarını qazanıb.