Harçeqani Qran-prinin qalibi oldu

Bu gün Bakıda taekvondo üzrə Qran-pri turnirinin final mərhələsi start götürüb. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, ilk gündə dayanq üzərinə Azərbaycan yığmasın iki üzvü çıxıb.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil edilən yarış saat 10:00-da başlayıb. 

Kişilər

58 kq

Millimizin gənc üzvü Roman Samodurov ilk döyüşdəcə bu çəkinin reytinqində ilk pillədə yer alan cənubi koreyalı Tae-Hun Kim ilə döyüşüb. Təəssüf ki, yekunda təcrübə öz sözünü deyib. Rəqib qələbə sayəsində mərhələ adlayıb.

80 kq

Komandamızın heyətində böyük ümidlər bələnilən Milad Beigi Harçeqani 1/8 finalda avstriyalı Hayder Şkaranı sınağa çəkib. Qarşılaşma təmsilçimizin üstünlüyü ilə keçib. İlk raundda 8:0 hesabı ilə öndə olan Harçeqani növbəti hissədə üstünlüyü 14:0-a çatdırıb və vaxtından əvvəl qalib elan olunub. Olimpiya mükafatçımız 1/4 finalda cənubi koreyalı Heyeon-Vu Kimlə üz-üzə gəlib. Bu rəqib də taekvondoçumuza müqavimət göstərə bilməyib. Harçeqani asiyalını 17:1 hesabı ilə məğlub edib.

O, yarımfinalda meksikalı Rene Lizarraqa ilə qüvvəsini sınayıb. Harçeqani bu rəqibi də dayanq üzərinə çıxmağa peşman edib və görüşü vaxtından əvvəl xeyrinə bitirib. 18:0 hesablı üstünlük Miladı ikinci raundda finala yüksəldib. İdmançımız həlledici görüşdə də misirli Seif Eissaya göz açmağa imkan verməyib. Azərbaycan taekvonduçusu bu dəfə də vaxtından əvvəl qələbəyə sevinib. 3-cü raundun əvvəlində hesabı 12:0-a çatdıran Harçeqani Qran-pri turnirinin qalibi olub. 

Qeyd edək ki, yarışın ikinci günü millimizin heyətində Yaprak Eriş (57 kq), Ayxan Tağızadə (68 kq) və Radik İsayev (+80 kq) mübarizəyə qoşulacaq.