"Həyatımda asan final görməmişəm"
"Sabah" ailəsini təbrik edirəm. Bugünkü qələbəni azarkeşlərimizə həsr edirəm. Bu gün meydanda bizi dəstəklədilər. Hər iki komandanın başa-baş mübarizəsi keçdi. Meydanda maksimumuzu etməyə çalışdıq. İlk hissədə bəzən topa nəzarət rəqibə keçdi. Oyunda önəmli an buraxdığımız qol idi. Rəqib azlıqda olmasına baxmayaraq yaxşı oynadı. Biz də sona qədər mübarizə apardıq. Təslim olmadıq. Bu inadkarlığın sayəsində gözəl qələbə qazandıq. Bunu qeyd edib, sabahdan bərpaya başlayacağıq. Düzdür, kubokda finala çıxdıq. Amma hələ kuboku qazanmamışıq və finalın hələ əhəmiyyəti yoxdur. Vacib olan titulu qazanmaqdır. Qarşıda görəcəyimiz işlər çoxdur".
Sportline.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində "Qarabağ"la baş tutan matçdan (2:1) sonra təşkil olunan mətbuat konfransında deyib. Baş məşqçi həm qırmızı vərəqə, həm də son saniyələrdəki penalti epizodu daxil olmaqla, hakim idarəçiliyi barədə fikirlərini bildirib:
"Hakim qərarlarını şərh etməyini xoşlamıram. Planşetdən epizodlara baxdım. Bu, artıq hakimlərin işidir, özləri danışmalıdır. Azərbaycanda futbolun səviyyəsinin artmasını istəyiriksə, bu hakimliyin də səviyyəsi artmalı, inkişaf etməlidir. Fərqli ölkələrdə çalışmışam. Açığı, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm. Referilərin qərarları hər həftə müzakirə olunur. İnanıram ki, növbəti həftə də bu danışılacaq. Hakimlik də inkişaf etməlidir. Bəzən eyni epizodlara fərqli qərarlar verilir".
V. Dambrauskas finaldakı rəqib ("Zirə") və həlledici oyunun çətinlik dərəcəsi barədə sualı belə cavablandırıb:
"Final bir oyundan ibarətdir. Həyatımda asan final görməmişəm. Məncə, işimizi görməliyik və titul üçün əlimizdən gələni etməliyik. Finallarda aşağı liqa klublarının yaxşı oyunlarını görmüşük. Final günü maraqlı olacaq. Kim güclüdürsə, qazanacaq".