Hidayət Heydərov "İlin ən yaxşı kişi cüdoçusu" seçildi

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatı çərçivəsində qala gecəsi baş tutub.

Sportline.az xəbər verir ki, mərasimdə 2024-cü ilin yekunlarına əsasən Avropanın ən yaxşıları mükafatlandırılıb.

Olimpiya çempionumuz Hidayət Heydərov "İlin ən yaxşı kişi cüdoçusu" adına layiq görülüb. Ona mükafatı Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Tot təqdim edib.

Avropada "İlin ən yaxşı kişi məşqçisi" isə Azərbaycan millisinin baş məşqçisi və performans direktoru Riçard Trautman seçilib. Ona mükafatı Avropa Cüdo Birliyinin idman direktoru Aqron Kuka təqdim edib.

Qeyd edək ki, bu ilin fevralında Parisdə keçirilən tədbirdə həm Hidayət Heydərov, həm də Riçard Trautman dünya üzrə də ilin ən yaxşıları seçilmişdilər.