Hindistanda şahmat dahisi yetişir

Gənc hindistanlı şahmatçı Arcun Eriqaisi Kumar son iki ayda böyük nailiyyətə imza atıb.

Sportline.az xəbər verir ki, 17 yaşlı A.Kumar son 55 gün ərzində 11 min kilometr məsafə qət edərək müxtəlif ölkələrdə 7 turnirdə iştirak edib.

O, əvvəlcə Belqrada yollanıb və orada "Serbiya Open"də iştirak edib. Daha sonra hindistanlı şahmatçı Serbiyanın başqa bir şəhəri olan Paraçində beynəlxalq turnirdə çıxış edib. Serbiyadakı çıxışını başa vurduqdan sonra Portuqaliyaya yollanan şahmatçı, orada ölkə liqasının oyunlarında iştirak edib, oradan isə birbaşa İsveçrədə keçirilmiş “Biel Masters Open”ə yollanıb. İsveçrədəki yarışdan sonra Riqa şəhərində keçirilən turnirdə mübarizə aparan idmançı orada çıxışını başa vurduqdan sonra yenidən Portuqaliyaya qayıdıb və “Braganca Open” və “Gimaraesh Open” adlı turnirlərdə iştirak edib.

Turnirlərdə göstərdiyi nəticələrə gəlincə, Kumar öz reytinqini 2567-dən 2625-ə (+58 punkt) qaldırmaqla Hindistanda şahmatçıların “TOP-10” siyahısına daxil olub.