İdman jurnalistləri günü idman jurnalistlərinin məhkəməsi
2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günüdür.
Bu gün "Sumqayıt" FK-nın prezidenti Riad Rəfiyevin idman jurnalistləri - İxtiyar Əsgərov və Anar Şabanoğluna qarşı qaldırdığı iddia əsasında hazırlıq iclası keçirilib.
İşə Nərgiz Tağıyevanın hakimliyi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılıb.
İclasda cavabdehlərin vəkili Səbuhi Axundov çıxış edərək Riad Rəfiyevin şikayətini əsassız sayıb, jurnalistləri tənqiddən çəkindirmək məqsədi güddüyünü deyib.
Daha sonra Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının ölkəmizdəki təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Riad Rəfiyevin mediaya qarşı təzyiqini pisləyən bəyanatı oxunub.
Bəyanatı nəzərinizə çatdırırıq:
- Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyevin idman jurnalistləri Anar Səid (Şabanoğlu) və İxtiyar Əsgərov barəsində məhkəmə qarşısında qaldırdığı iddianı qınayır və bildirir ki, jurnalistika cəmiyyətin əsas sahələrindən biri kimi hər hansı təzyiqdən uzaq tutulmalıdır. Təəssüflə qeyd edirik ki, yaranmış bu hal qanunvericilik və media prinsiplərindən kənara çıxmaqla bərabər, mediada fikir və söz azadlığına, jurnalistin müstəqilliyinə birbaşa müdaxilədir.
İdman jurnalistləri Anar Səid (Sabanoğlu) və İxtiyar Əsgərov 30 ilə yaxın peşə fəaliyyətləri dövründə iddia olunan hala heç vaxt yol verməyib, əksinə, öz peşəkarlıqları ilə hər zaman Azərbaycan idman mediasının aparıcı və nüfuzlu simalarından olublar.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfləri aralarında yaranmış mübahisəni yeni il ərəfəsində qarşılıqlı anlaşma yolu ilə həll etməyə, cənab Rəfiyevi iddiasını geri götürməyə və idman jurnalistlərinin məhdudiyyətsiz işləyə biləcəyi mühiti təmin etməyə çağırır.
Hazırlıq iclasında cavabdeh tərəfin vəkili ekspert rəyi ilə daha dərindən tanış olmaq üçün vaxt istəyib.
Hakim Nərgiz Tağıyeva bunu nəzərə alaraq növbəti iclası avqustun 4-nə təyin edib.
Qeyd edək ki, Riad Rəfiyev bundan əvvəl xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmiş və məhkəmə işi icraata götürməmişdi.
Rəfiyev bu dəfə mülki qaydada şikayət edib.