İslam Abbasov: "Çətin qrupa düşmüşdüm"
"Yarış yaxşı keçdi. Rəqiblər güclü idi. Çətin qrupa düşmüşdüm. Ona görə də sona kimi mübarizə aparmalıydım".
Sportline.az xəbər verir ki, bu fikirləri yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının əsas simalarından İslam Abbasov federasiyanın rəsmi saytına açıqlamasında deyib.
87 kq çəki dərəcəsində Avropa çempionatında bürünc medal qazanan və ardıcıl ikinci dəfə qitə birinciliyində fəxri kürsüyə qalxan pəhləvan yarımfinal görüşündə macarıstanlı Viktor Lorintsə məğlubiyyətin səbəbini açıqlayıb: "Yarımfinala qədər çox güc sərf etməli oldum. Yorğunluq və yol verdiyim səhv sözünü dedi. Bundan sonra görüşü lehimə çevirmək mümkün olmadı".
Abbasov qarşıdakı lisenziya turnirinə daha ciddi hazırlaşacağını söyləyib: "İndi lisenziya turnirinə tam güclə hazırlaşmaq lazımdır. Çalışacağam ki, növbəti yarışları səhvsiz keçirim".
Qeyd edək ki, 24 yaşlı güləşçi üçüncü yer uğrunda görüşdə litvalı Eyvidas Stankeviçyusu məğlubiyyətə uğradaraq bürünc medala sahib çıxıb.