İsveçrə və Uels milliləri Bakıdan razıdır

Avropa çempionatının qrup mərhələsində iki oyununu Bakıda keçirəcək Uels və İsveçrə milliləri ilk məşqlərinə çıxıb.

Sportline.az xəbər verir ki, hazırlıq prosesi Tofiq Bəhramov adına Respublika Stadionunda və "Dalğa Arena"da gerçəkləşib.

Məşq prosesində təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyi vurğulanıb: "Silahlı ordu zabitləri və alman itləri əsas girişdədir. Polis isə ətrafa nəzarət edir".

Uels millisinin ulduz futbolçusu Qaret Beyl də instaqram hesabında məşqdən fotosunu paylaşıb.

İsveçrə yığmasının sabiq futbolçusu, əvvəllər iki dəfə "Qarabağ"da çıxış etmiş İnnosent Emeqara isə "Blick" nəşrinə açıqlamasında Bakını "Avropanın Dubayı" adlandırıb. O, Azərbaycanda cinayətkarlığın sıfır səviyyəsində olduğunu vurğulayıb.

Qeyd edək ki, Uels və İsveçrə milliləri AVRO-2020-də A qrupunun ilk tur matçını iyunun 12-də Bakı Olimpiya Stadionunda keçirəcək. Bu arenada iyunun 16-da Türkiyə - Uels, iyunun 20-də Türkiyə - İsveçrə qarşılaşmaları və iyulun 3-də 1/4 final mərhələsinin 1 oyunu olacaq.