Karateçilərimiz Mərakeş sınaqlarında
Karate üzrə seçmə komandamız Avropa çempionatı öncəsi son hazırlıq yarışına qatılacaq.
Sportline.az xəbər verir ki, komandamız aprelin 6-da Mərakeşin paytaxtı Rabatda start götürəcək Karate1 Premyer Liqa turnirində iştirak edəcək. Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlar seriyasından olan Rabat mərhələsində 18 karateçi qüvvəsini sənayacaq.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev, qadınlardan ibarət yığmanın böyük məşçqisi Anar Allahverdiyev, məşqçilər Rəşad Hüseynov və Denis Morozov, həmçinin beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kəimov da var. Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Turqut Həsənov, Pənah Abdulayev (hər ikisi 84 kq), Asiman Qurbanlı, Şahin Atamov və Əli Cəfərov (hər üçü +84 kq) kişilərin fərdi kumite turnirinə qatılacaq.
Qadınların yarışında Nuranə Əliyeva, Fidan Teymurova (hər ikisi 50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) çıxış edəcək. Kata turnirində Roman Heydərov fərdi yarışda, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət isə komanda çıxışlarında iştirak edəcək. Rabat Premyer Liqasında 75 ölkədən 545 idmançı mübarizə aparacaq.