"Keşlə"nin futbolçuları hansı danışılmış oyunlarda şübhəli bilinirlər?

"Keşlə” klubu danışılmış oyunlara görə həbs olunan futbolçuları  Nizami Hacıyevlə Mirhüseyn Seyidov haqqında bəyanat yayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda sözügdən futbolçuların müqaviləsinə 4 gün öncə xitam verildiyi bildirilir. Onların son 5-6 matça danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələri olduğu üçün bu addım atıldığı qeyd olunub: "Keşlə Peşəkar Futbol Klubunun rəhbərliyi bildirir ki, əsas komandanın futbolçuları - Nizami Hacıyev və Mirhüseyn Seyidov Topaz Premyer Liqası çərçivəsində keçirilmiş son 5-6 qarşılaşmada danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilib”. 

Qeyd edək ki, "Keşlə" son 7 oyunda "Neftçi"yə evdə 0:2, səfərdə 1:3, "Qarabağ"a evdə 0:2, "Səbail"ə səfərdə 0:1, "Kəpəz"ə evdə 0:2, "Sumqayıt"a səfərdə 1:3, evdə "Zirə"yə 0:1 hesabı ilə uduzub. Klubun bəyanatı belə düşünməyə əsas verir ki, Nizami Hacıyevlə Mirhüseyn Seyidov yalnız "Qəbələ"yə oyun satmayıb.