Kikboksçularımız Avropa çempionatında böyük zəfər qazandılar
25 avqustdan 2 sentyabra qədər Türkiyənin İstanbul şəhərində kadet, yeniyetmə və gənclər arasında WAKO Avropa birinciliyi keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan milli komandası tarixi uğura imza atıb. İdmançılarımız 16 qızıl, 16 gümüş, 31 bürünc medal əldə ediblər.
Milli komandanın baş məşqçisi Hikmət Hacıyev isə WAKO Avropa birinciliyinin ən yaxşı rinq məşqçisi - “BEST COACH” mükafatına layiq görülüb. yeniyetmə və gənclərdən ibarət millimiz yarışda baş məşqçi Hikmət Hacıyev və köməkçi məşqçi Mehman Quliyevin rəhbərliyi altında iştirak edib. Qeyd edək ki, Türkiyədəki nümayəndə heyətinin tərkibində olan Azərbaycan Kikboksinq Federasiyasının 1-ci vitse-prezidenti Ramal Aslanov və baş katib İlkin Məsimzadə də yarışları yaxından izləyib və idmançılarımıza dəstək olub.
Millimiz Heydər Əliyev adına Beynəlxalq Hava Limanında böyük coşqu ilə qarşılanıb.
Milli Məclis sədrinin müavini, AKF-nin fəxri prezidenti Adil Əliyev, federasiyanın prezidenti Orxan Əliyev, 1-ci vitse-prezident Ramal Aslanov, vitse-prezident Ədalət Kazımov, baş katib İlkin Məsimzadə komandanın tarixi qələbəsini yüksək qiymətləndirib.