“Komandada hər şey ürəyimcədir”

"Sumqayıt"da hər şey ürəyimcədir".

Sportline.az xəbər verir ki, bunu Sumqayıt təmsilçisinin amerikalı oyunçusu Endryu Louder Azərbaycan Basketbol Liqasının XVII turunda “Ordu” ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Qarşılşamada 44 xal toplayaraq mövsümün məhsuldarlıq rekordunu müəyyənləşdirən oyunqurucusu əvvəlcə komanda daxili ab-havadan danışıb:

“Bildiyiniz kimi, “Sumqayıt”ın bu mövsüm sonuncu transferiyəm. Buna baxmayaraq, əla ab-havaya düşmüşəm. Komanda daxilindəki möhtəşəm ab-havaya söz ola bilməz. Hər şey ürəyimcədir. İstər rəhbərlik, məşqçi heyəti, istərsə də oyunçularla çox yaxşı dil tapıram”.

O, Sumqayıt şəhərini bəyəndiyini söyləyib:

“Özüm üçün müəyyən qaydalar müəyyənləşdirmişəm. Məsələn, ən sevdiyim kafeyə gedirəm, xoşladığım marketdən alış-veriş edirəm. Buranın insanlarına böyük dəyər verirəm. Şəhər məni öz sakini kimi qəbul edir. Sumqayıtda amerikalılara böyük hörmət var. Hərçənd başqa münasibət də bəsləyə bilərdilər. Buna görə də Sumqayıtı çox sevirəm”.

L.Endryu Azərbaycan Basketbol Liqası haqqında da fikirlərini bölüşüb:

“Azərbaycan çempionatının səviyyəsi yüksəkdir. Deyə bilərəm ki, rəqabətədavamlı liqadır. Məsələn, yer aldığımız B qrupunda hər komanda istənilən rəqibi məğlub edə bilər. Oyunların nəticələrini əvvəlcədən proqnozlaşdırmaq olmur. A qrupundan heç danışmağa dəyməz. Məsələn, “Naxçıvan” “Sabah” kimi komandanı məğlub edir, sonra “Neftçi”yə böyük hesabla uduzur”.

Basketbolçu sonda “Sumqayıt”ın hədəflərindən danışıb:

“Avropa ölkəsinin basketbol çempionatında oynayan hər bir komandanın hədəfi daxili yarışda çempion olmaqdır. “Sumqayıt” da bu arzularla yaşayır. Avrokuboklarda çıxış etmək istəyərdik. Mən komandama inanıram”.

Qeyd edək ki, “Sumqayıt” - “Ordu” matçı birincilərin 122:116 hesablı qələbəsi ilə yekunlaşıb.