"Kosovo çox güclü komandadır" - Rüfət Dadaşov

"Kosovo güclü komandadır. Rəqibin heyətində kifayət qədər yüksək səviyyəli oyunçular var". SportLine.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Rüfət Dadaşov "Bild" nəşrinə açıqlamasında deyib.

Futbolçu onları gərgin mübarizənin gözlədiyini sözlərinə əlavə edib: "Hərarəti yüksək oyun olacaq. "Şalke”nin sabiq futbolçusu Donis Avdiyay da rəqibimizin heyətindədir. Ancaq biz də var gücümüzlə mübarizə aparacağıq”.

Almaniyanın "Proyssen” klubunda çıxış edən 27 yaşlı hücumçu Farer adaları ilə Bakıda keçirilən görüşün (2:0) 78-ci dəqiqəsində əvəzlənməsinə də toxunub: "Matçın əvvəlində sarı vərəqə almışdım. Ona görə də baş məşqçi riskə getmək istəmədi. Çünki Kosovo ilə görüş bizim üçün çox vacibdir”.

Qeyd edək ki, yığmamız Kosovo ilə sabah səfərdə vacib oyuna çıxacaq. Qrupda 2-ci pillədə qərarlaşan komandamız "pley-off"a vəsiqə qazanmaq üçün mütləq liderə qalib gəlməlidir.