"Mançester Siti" klubu Pep Qvardiola ilə bağlı qərar verib

İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola klubla müqavilə müddətini daha bir il, əlavə uzatma seçimi ilə uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

53 yaşlı mütəxəssisin hazırkı razılaşması cari mövsümün sonunda başa çatırdı. Müqavilə müddətinin uzadılması ilə bağlı rəsmi açıqlama yaxın günlərdə veriləcək.

Əvvəllər Qvardiolanın mövsümün sonunda idman direktoru Çiki Beqiristaynla birlikdə klubdan ayrıla biləcəyi güman edilirdi. İkincinin Portuqaliyanın “Sportinq” klubundan Uqu Viana ilə əvəzlənməsi oktyabrda təsdiqlənmişdi.

Qvardiola “Barselona” və “Bavariya”dakı fəaliyyətindən sonra 2016-cı ildə “Mançester Siti”yə baş məşqçi təyin edilib. Bu müddət ərzində o, Premier Liqada 6 çempionluq və 2023-cü ildə klubun tarixində ilk Çempionlar Liqası qələbəsi olmaqla 18 kubok qazanıb.

Hazırda “şəhərlilər” Premyer Liqanın turnir cədvəlində ikincidir və lider “Liverpul”dan artıq beş xal geri qalır. İspaniyalı çalışdırıcının komandası son dörd oyunun hamsında meydandan məyus ayrılıb ki, bu da son illərin, xüsusən də Qvardiolanın baş məşqçi kimi ən pis nəticəsidir.

Xatırladaq ki, daha əvvəl “Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasında Karlo Ançelottinin uğurunu təkrarlamışdı.