Maykl O`Nil: "Bizim üçün nəticə daha vacib idi"

“Çətin oyun oldu. Yaxşı komandaya qarşı çıxış etdik”. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, bunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin qonağı olan britaniyalılar 1:0 hesablı qalibiyyətə seviniblər. Onil matçdan sonrakı mətbuat konfransında qələbəni belə şərh edib: “Robert Prosineçki çox yaxşı komanda qurub. Əsas qol vurmaq idi ki, bunu da bacardıq. Bəzi oyunçularımız müxtəlif səbəblərdən olmasa da, lazımi nəticəni əldə edə bildik”.

- Conni Evansın bugünkü çıxışını necə dəyərləndirərdiz?

- Evans gözəl oyun sərgilədi. Mərkəz müdafiəçiyə xas olan oyunu göstərdi. Komandanın liderlərindən biri idi.

- Namiq Ələsgərova qarşı kobudluq zamanı hakim cərimə zərbəsi vermədi. Sizin fikrinizcə, orda kobudluq var idimi?

- Hakimlikdən çox razı qaldım. Həmin epizodda da müdaxilə cərimə meydanından kənarda idi.

- Azərbaycan millisi aşkar üstün oyun sərgilədi. Sizcə, bu, ədalətli hesab idi?

- Yaxşı oyun oldu. İlk hissədə bizim də qol vəziyyətlərimiz oldu, dəyərləndirə bilmədik. Qrupda lider Almaniyadı. Bizim məqsədimiz ikinci yeri tutmaqdı.

- Belə demək olarmı ki, meydana baxımlı oyun üçün yox, nəticə üçün çıxmışdınız?

- Bizim üçün hava şəraiti böyük rol oynadı. Avropa çempionatındakı heyətdən 7 nəfər yox idi. Bu üzdən bizim üçün əsas nəticə idi. Buna da nail olduq.

- Belfastdakı oyunla Bakıdakı matç arasında nə fərq var idi?

- Belfastda bizim bu qədər ötürmələrimiz olmamışdı. Rəqibin belə oynayacağını bilirdik. Buna görə də oyunu əks-hücumdan qurmuşduq. Bizim üçün bu gün nəticə daha vacib idi.

- Azərbaycan yığmasında kimi fərqləndirə bilərsiniz?

- İlk növbədə komanda şəklində qeyd etmək istərdim. Çox gözəl kapitanınız var. Riçard Almeyda, Qara Qarayev, Ramil Şeydayevi də vurğulaya bilərəm. İnanıram ki, növbəti seçmə mərhələdə daha yaxşı nəticələr əldə edəcəksiniz.

- Oyun bərabərə bitsəydi, hesab sizi qane edəcəkdimi?

- Xoşbəxtəm ki, qələbə qazandıq. Bərabərliyə də razı olardım. Əsas odu ki, bu nəticədən sonra qrupdan çıxmaq şansımız daha da artdı.