Məmmədyarov məğlub oldu

ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" seriyasının beşinci mərhələsi olan "Sinquefield Cup" (Sinkfild Kuboku) turniri davam edir.

Sportline.az xəbər verir ki, bu gün dördüncü turun görüşləri keçirilib.

Təmsilçimiz Şəhriyar Məmmədyarov qara fiqurlarla Sem Şenklendlə (ABŞ) üz-üzə gəlib. İki heç-heçənin ardından üçüncü turu qələbə ilə başa vuran 36 yaşlı qrossmeysterimiz uğurun ardını gətirə bilməyib. Bu turadək 0,5 xalla sonuncu olan Şenklend 43-cü gedişdə şahmatçımızı məğlub edib.

Beləliklə, dörd turdan sonra Məmmədyarov 2 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alıb.

Lenyer Dominqes, Fabiano Karuana və Uesli So hərəyə 3 xal toplayıblar.

Şəhriyar növbəti oyununu ağ fiqurlarla Lenyer Dominqesə qarşı keçirəcək.

Görüşlər Bakı vaxtı ilə 00:00-da başlayır.

Qeyd edək ki, 10 şahmatçının iştirakı ilə keçirilən turnirə avqustun 28-də yekun vurulacaq. Mükafat fondu 325 min dollardır. Qalib 90 min dollar qazanacaq.

"Sinquefield Cup"

IV tur

Dariuş Sverç (ABŞ) - Ceffri Şonq (ABŞ) 1:0
Fabiano Karuana (ABŞ) - Uesli So (ABŞ) 0,5:0,5
Rixard Rapport (Macarıstan) - Pyotr Svidler (Rusiya) 1:0
Sem Şenklend (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 1:0
Lenyer Dominqes (ABŞ) - Maksim Vaşye-Laqrav (Fransa) 1:0