Məmmədyarovlar ailəsində qonaq

Gənclər və idman naziri Fərid Qayıbov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilmiş "Tata Steel Chess" turnirində ikinci yeri tutan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla görüşüb.

Sportline.az xəbər verir ki, nazir bu barədə şəxsi feysbuk hesabından paylaşım edib.

Qayıbov postda "Sizcə, nədən danışırıq" sualını da ünvanlayıb.

Görüşə Şəhriyar Məmmədyarovun bacıları Türkan Məmmədyarova və Zeynəb Məmmədyarova, onların atası Həmid Məmmədyarov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və baş katib İlahə Qədimova da qatılıb.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) yaydığı məlumatda isə bildirilir ki, “Məmmədyarovlar” şahmat məktəbinin rəhbəri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova yaradılan şəraitdən danışıb.

O deyib ki, burada eyni vaxtda 30 uşaq şahmatla məşğul ola bilər.Məktəbdə dərslər Azərbaycan, rus və ingilis dilində tədris olunur. “Məmmədyarovlar” şahmat məktəbinin əsas məqsədi balacalara və yeniyetmələrə şahmatın sirrlərini tədris etmək, gələcəkdə seçmə  komandada çıxış edəcək yeni adların üzə çıxmasına dəstək olmaqdır.

Şəraitlə tanış olan nazir uşaqların hazırlığı ilə maraqlanıb. F.Qayıbova məktəbin yetirmələrinin ilk uğurları barədə məlumat verilib. Bildirilib ki, “Məmmədyarovlar” məktəbinin yetirmələri aşağı yaş qrupları üzrə Respublika birinciliklərində uğurla çıxış edirlər.

F.Qayıbovla görüş zamanı qarşıdakı planlar barədə müzakirələr aparılıb, fəaliyyətin daha da genişləndirilməsinə dair fikir mübadiləsi olub.

Sonda ona və M.Məmmədova xatirə plaketləri tədqim olunub.

Qeyd edək ki, “Məmmədyarovlar” şahmat məktəbi Azərbaycanın tanınmış şahmat ailəsi Məmmədyarovların adı ilə bağlıdır. Məktəbə Zeynəb Məmmədyarova rəhbərlik edir.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Tata Steel Chess"də 13 oyundan 8 xalla ikinci olub.