Memorial iştirakçıları Vüqar Həşimov Şahmat Akademiyasını ziyarət ediblər
Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin iştirakçıları Vüqar Həşimov Şahmat Akademiyasında olublar.
Sportline.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, qonaqlar akademiyada fəaliyyət göstərən Vüqar Həşimov Muzeyi ilə tanış olub və yeniyetmə şahmatçılarla görüşüblər.
Qonaqlar akademiya yetirmələrinin əldə etdikləri nailiyyətlər barədə məlumatlandırılıb. Həmçinin qeyd olunub ki, "Vüqar Həşimov" klubu Avropa çempionatında bürünc medal qazanıb və ölkə şahmatının inkişafına mühüm töhfələr verir.
Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorialı”nda qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, ABŞ-dan olan Fabiano Karuana, rusiyalı Sergey Karyakin, macarıstanlı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparırlar.
Bu gün başa çatacaq yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” hoteli ev sahibliyi edir.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.