"Məsuliyyətdən qorxmuram, cavab verməyə hazıram"

Misli Premyer Liqasının 25-ci turu çərçivəsində "Qəbələ" səfərdə "Turan Tovuz"a 2:3 hesabı ilə məğlub olub.

Sportline.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra oyun barədə fikirlərini bölüşüb:

"Hər kəsi bayram münasibətilə təbrik edirəm. Təəssüf ki, çox asan qollar buraxırıq. "Neftçi" ilə oyunu xatırlasaq, orada da cərimə meydançasında bizim dörd, rəqibin cəmi bir futbolçusu var idi, lakin çox asan qol buraxdıq. Azarkeşlərin narazılığını tam başa düşürəm. Təbii ki, nəticəyə görə baş məşqçi cavabdehdir. Mən də məsuliyyətdən qorxmuram və cavab verməyə hazıram. Rəqibə bütün komponentlərdə uduzduğumuzu deməzdim, əsas problem futbolçuların konsentrasiyasındadır. Liqada qalmaq üçün əlimizdən gələni edəcəyik".

Mütəxəssis komandadakı psixoloji gərginliyin səbəbləri və bu vəziyyətdən çıxış yolları barədə də danışıb:

"Təbii ki, ardıcıl məğlubiyyətlər komanda üzərindəki təzyiqi artırır. Son ay yarımda 11 oyun keçirmişik və bu cür sıx qrafik oyunçularda psixoloji yorğunluq yaradıb. Qış fasiləsindən sonra oyunumuzda irəliləyiş olsa da, nəticə qazanmaqda çətinlik çəkirik. Daha güclü olmalıyıq. Hələ qarşımızda vaxt var və inanıram ki, bundan sonra daha yaxşı çıxış edə biləcəyik".