“Məyusedici məğlubiyyətlə üzləşdik"

"Matç boyunca topa nəzarət bizim tərəfimizdə olsa da, hücumlarımızın son nöqtəsini qoya bilmədik".

Sportline.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 27-ci turunda evdə "İmişli" ilə baş tutan matçdan (0:1) sonra bildirib. Təcrübəli mütəxəssis oyunun gedişatını və buraxılan həlledici səhvi belə dəyərləndirib:

"Həqiqətən də çox məyusedici bir məğlubiyyətlə üzləşdik. "İmişli" meydanda böyük qüvvə ilə müdafiə olunmağı bacaran bir kollektivdir. Onlar rəqibin kiçik bir səhvini belə dərhal dəyərləndirirlər, heyətlərində fərdi keyfiyyətləri yüksək olan yaxşı oyunçular var. Biz isə standart vəziyyətdən sonra ciddi səhvə yol verdik. Matç boyunca topa nəzarət bizim tərəfimizdə olsa da, hücumlarımızın son nöqtəsini qoya bilmədik".

Baş məşqçi azarkeşlərin narahatlığını qeyd edərək elitada qalmaq üçün var gücləri ilə vuruşacaqlarını vurğulayıb:

"Azarkeşlərimizin keçirdiyi hissləri çox yaxşı başa düşürəm, onlar hazırkı duruma görə çox narahatdırlar. Çempionatın sonuna cəmi 6 oyunumuz qalıb. İndi hamımız yalnız bir məqsəd ətrafında birləşməliyik: "Qəbələ"nin Premyer Liqada qalması üçün əlimizdən gələn hər şeyi etməliyik".