Millimiz FIFA reytinqində gerilədi

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Sportline.az xəbər verir ki, Azərbaycan millisi 1168.53 xalla hazırda 110-cu sırada qərarlaşıb.

Komanda ötən ayla müqayisədə 2 pillə geriləyib.

Buna Canni De Byazinin baş məşqçi olduğu komandanın yoldaşlıq görüşündə Qətərə 1:2, DÇ-2022-nin seçmə mərhələ oyunlarında Portuqaliyaya 0:1 və Serbiyaya 1:2 hesabı ilə uduzması səbəb olub.

Yığmanın A qrupundakı rəqiblərindən Portuqaliya 1166.12 xalla 5-ci pillədə qalıb. 5 pillə irəliləyən Serbiya 1512.90 xalla 25-ci, 5 sıra geriləyən İrlandiya millisi 1427.22 xalla 47-cidir.

Lüksemburq isə 2 pillə irəliləyib. Komanda 1244.86 xalla 96-cı yerdədir.

1505.05 xala malik Türkiyə millisi 3 pillə irəliləyərək 29-cu olub.

Reytinqin ilk 3 pilləsində Belçika (1783.38), Fransa (1757.30) və Braziliya (1742.65) yer alıb.