Millimiz Moldova ilə oyunlardan əvvəl itki ilə üzləşdi

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Moldova ilə keçirəcəyi görüşlərdən əvvəl itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında yığmanın baş məşqçisi Joze Alesio Da Silva məlumat verib. 53 yaşlı mütəxəssisin sözlərinə görə, Emin Kürdov martın 2-də məşq zamanı zədələnib. Braziliyalı baş məşqçi zədənin ciddilik dərəcəsinə bu gün aydınlıq gələcəyini söyləyib.

Joze Alesio iki legioner - Qalo və Rafael Vilelanın isə İspaniyadan təyyarə havaya nəzərdə tutulduğundan gec qalxdığı üçün məşqlərə bu gündən qoşula biləcəyini əlavə edib.

Moldova ilə oyunun hazırlıqlarına ikinci həftədir başladıqlarını xatırladan baş məşqçinin fikrincə, rəqib yaxşı formadadır: "Onların futzalçıları hazırda öz klubları ilə müvafiq çempionatlarda oynayırlar. Moldova yığması yoldaşlıq görüşləri də keçirir və hazırda qrupda ikinci yerdədir. Yəni, final mərhələsinə vəsiqə üçün böyük şansları var. Moldovaya qarşı əvvəlki oyunlarımız həmişə çətin olub. Amma görüşə yaxşı hazırlaşmışıq. Komandamız üçün problem zədə və iki oyunçumuzun gec gəlməsidir".

Yığmanın kapitanı Rizvan Fərzəliyev isə fevralın 18-dən məşqlərə, fevralın 25-dən isə təlim-məşq toplanışına başladıqlarını xatırladıb: "Bazada qalırıq və gündə iki dəfə mütəmadi məşq edirik. Qarşıda Moldova yığması ilə iki oyun var. Çalışacağıq ki, evdə maksimum nəticəni əldə edib səfərə yollanaq. Hər iki qarşılaşmada bizi qələbə qane edəcək. Çalışacağıq ki, maksimum nəticə qazanaq".

Qeyd edək ki, Azərbaycan millisi Moldova ilə ilk görüşünü martın 4-də Bakı İdman Sarayında keçirəcək. Bu komandalar martın 9-da Çoreskuda yenidən üz-üzə gələcəklər.