Millimiz son saniyələrdə vurduğu qolla qrup liderliyini təmin etdi

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 3-cü qrupdakı beşinçi sınağında səfərdə Slovakiya yığması ilə qarşılaşıb. Levitse İdman Sarayındakı görüş 1:1 hesabı ilə başa çatıb.

Matçda ilk qolu 15-ci dəqiqədə slovakiyalıların heyətində Martin Doşa vurub. Azərbaycan millisi görüşün başa çatmasına 32 saniyə qalmış hesabı bərabərləşdirərək, məğlubiyyətdən qaçıb. Yığmanın heyətində Everton Kardozo fərqlənib.

Bu heç-heçədən sonra xallarını 13-ə çatdıran Azərbaycan yığması qrup liderliyini təmin edib. Slovakiya isə 8 xalla 2-ci pillədə qalıb.

Bu qrupun digər matçında autsayder Yunanıstan aprelin 9-da Moldova yığmasını qəbul edəcək.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edən Azərbaycan millisi qrupdakı son oyununu aprelin 14-də evdə Yunanıstan seçməsinə qarşı keçirəcək.