Millimizin oyunu neytral meydanda olacaq

Azərbaycan millisinin UEFA Millətlər Liqası çərçivəsində Belarusla səfər oyunu neytral meydanda keçiriləcək.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, qurumun İcraiyyə Komitəsi görüş yerinin dəyişdirilməsinə qərar verib.

Qərara əsasən, Belarus yığmaları və klubları ev oyunlarını neytral ölkədə keçirəcəklər və həmin qarşılaşamalara azarkeş buraxılmayacaq.

Dərhal qüvvəyə minən qərarda bildirilib ki, qrup mərhələsinin Belarus – Azərbaycan matçı neytral ölkədə olacaq və həmin görüşə azarkeş buraxılmayacaq.

Ehtiyac yaranarsa, UEFA İcraiyyə Komitəsi durumu vəziyyəti yenidən qiymətləndirmək və zəruri hallarla bağlı əlavə qərarlar qəbul etmək üçün növbədənkənar iclaslar keçiriləcək.

Qeyd edək ki, C liqasının III qrupu çərçivəsində keçiriləcək Belarus – Azərbaycan görüşü iyunun 6-da oynanılacaq. Matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Belarus yığması iyunun 10-da Qazaxıstan/Moldova cütünün qalibini, sentyabrın 25-də isə Slovakiyanı qəbul edəcək.