Millimizin qapıçısı: "İlk məşqimiz adama yuxu kimi gəlirdi"
Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli federasiyanın rəsmi saytına müsahibə verib.
Sportline.az həmin müsahibəni təqdim edir.
- 11 aylıq fasilədən sonra milli ilk dəfə Bakı İdman Sarayında məşqə çıxdı. Özünüzü necə hiss edirdiniz?
- Əvvəlcə Vətən müharibəsində qazanılan qələbə münasibəti ilə hər birinizi təbrik edirəm. Fəxr edirəm ki, bizim federasiyanın da əməkdaşları bu qələbədə pay sahibi oldular. İlk məşqimizə gəldikdə, adama yuxu kimi gəlirdi: həm sevinc, həm də həyəcan var idi. Özümü fiziki cəhətdən hazır hesab edirəm. Çünki 1 aya yaxındır açıq havada fərdi məşqlər edirdim. Əlbəttə, bu dəqiqə parket üzərində əvvəlki komfortu hiss edə bilmirik. Meydançadakı hərəkətləri bir qədər yadırğamışıq. Yumşaqlığı hiss edə bilmirik, topla hərəkətdə çətinlik çəkirik. Çatışmazlıqlar tədricən düzələcək.
- Oyuna təxminən 10 gün vaxtınız qalıb. Bu müddət Avropa çempionatının seçmə mərhələsində Slovakiya və Yunanıstanla keçirəcəyiniz qarşıdakı görüşlərə hazırlıq üçün kifayət edəcəkmi?
- Əvvəlki formamızı bərpa etmək baxımından kifayət etməyəcək. 11 ay parketdən uzaq qalmaq futzalçı üçün az müddət deyil. Amma çalışmalıyıq ki, bu oyunları itkisiz başa vuraq. Galo və Vilela İspaniya çempionatında mütəmadi oynayırlar. Qarşıdakı günlərdə hücum və müdafiədəki tapşırıqlar, eləcə də standart vəziyyətlərin yerinə yetirilməsi üzərində işləyəcəyik. Yəni, zala səhər girib axşam çıxmalıyıq. Mümkün qədər özümüzü oyuna hazırlamalıyıq.
- Həm Slovakiya, həm də Yunanıstan barədə hansı məlumatlara sahibsiniz?
- Slovakiya ilə bir-birimizi yaxından tanıyırıq, son iki beynəlxalq yarışda rəqib olmuşuq. 2019-cu ilin oktyabrında Bakıda onları 2:0 hesabı ilə məğlub etdik. Ötən il isə Xorvatiyada üz-üzə gəldik və görüş 3:3 hesablı heç-heçə ilə başa çatdı. Uzun müddətdir eyni taktika ilə oynayırlar. Yunanıstan millisi isə son illər inkişafdadır, ucaboy oyunçulara malikdir və onlar driblinq etməyi sevirlər. Əlbəttə, hər iki komandanın zəif tərəfləri var. Bunları baş məşqçimiz Joze Alesio Da Silva oyunlar ərəfəsində bizə deyəcək. Sadəcə, rəqiblərimizin indiki vəziyyətdə bizdən daha hazırlıqlı olduğunu düşünürəm. Çünki Yunanıstanda 19-cu və ya 20-ci turun oyunları keçirilir.
- Slovakiya da final mərhələsinə yüksəlmək baxımından qrupun iddialı komandasıdır. Yarışa belə bir rəqibə qarşı görüşlə başlamağın hansı çətinliyi ola bilər?
- Slovakiyada çempionat davam edir, oyun təcrübələri yerindədir. Bizdə isə pandemiya ilə əlaqədar çempionat ötən ilin martından dayandırılıb. Təcrübəmizin az olması çətinlik yarada bilər. Ancaq doğma meydanda oynadığımıza görə, mütləq qələbə qazanmalıyıq. Qələbə qazansaq, həm də komandada özünəinam artacaq və bu, bizə Yunanıstan səfərində çox kömək edəcək.
- Reytinq cədvəli də Azərbaycan yığmasını daha şanslı sayır...
- Hər iki oyun çox çətin keçəcək. Xüsusilə də Slovakiya ilə Bakıdakı qarşılaşma. Şanslar bərabərdir. Həm də uzun müddətdir parketdən uzaq düşdüyümüzə görə psixoloji baxımdan üzərimizdə təzyiq hiss edirik. Bu səbəbdən, rahat fikir bildirmək çətindir.
- Cəmi 2 ay əvvəl Yunanıstana “Araz”la səfəriniz ugursuz alınmışdı. Milli komanda vəziyyəti müsbətə doğru dəyişə biləcəkmi?
- Budəfəki qarşılaşma daha fərqli olacaq. “Araz” AEK-lə oyuna məhdud şəraitdə hazırlaşmışdı. Zalda məşq etməyimizə icazə verməmişdilər. Ancaq açıq havada, süni örtük üzərində məşq etmişdik. Bununla belə, oyunu heç-heçə başa vurmağı bacardıq və penaltilər seriyasında məğlub olduq. Bu dəfə onlara nəyə qadir olduğumuzu göstərəcəyik. Afinadan qələbə ilə dönməliyik.