Millimizin sabiq baş məşqçisi qadın komandasını çalışdıracaq!
Millimizin keçmiş baş məşqçisi Biro Jade karyerasını Rusiyada davam etdirəcək.
Sprotline.az xəbər verir ki, tam adı Nelson Maşado dos Santos olan braziliyalı mütəxəssis "Normanoçka" qadın komandasının yeni baş məşqçisi təyin olunub.
Azərbaycan millisində futzalçı kimi çıxış edərkən "Qızıl top" qazanan Biro Nijni Novqorod təmsilçisinə təyinatı barədə klubun saytına danışıb:
"Nijni Novqoroda qayıtmaq və yenidən komandanın bir hissəsi olmaq mənim üçün çox xoşdur. Bu, mənim üçün çox xoş sürpriz oldu. Dəvət üçün klubun prezidenti Nikolay Vladimiroviç Xodova təşəkkür edirəm! Ümid edirəm ki, mövsümün sonunda komanda şəhərə böyük uğur gətirəcək. Səbirsizliklə gözləyirəm! İlk dəfədir ki, qadınlardan ibarət komandanın məşqçisi oluram.Təbii ki, kişi klubları ilə fərq var: həm fiziki hazırlıq və bədənin bioloji quruluşu. Qadınlardan ibarət komandalarla işləyən və onların oyunlarını izləyən məşqçilərlə danışdım. Kişi futzalıyla müqayisədə texniki və taktiki fərq az olsa da, mənim üçün ən böyük problem futbolçuların hazırlığını müəyyən etmək olacaq. Əminəm ki, biz bunu bacaracağıq!"
Milliyyətcə braziliyalı olan, lakin 2009-cu ildə Azərbaycan vətəndaşlığını götürərək millimizdə oynamağa başlayan 49 yaşlı Biro Jade indiyədək Azərbaycan futzal tarixində ən mühüm uğura - 2010-cu il Avropa çempionatında dördüncü yerə nail olub. O, həmin AÇ-də “Qızıl buts”u alıb – beş topla turnirin ən yaxşı bombardiri olub.
Biro Jade həmçinin, Rusiyanın “Spartak” və “Spartak-Şelkovo”, Qazaxıstanın “Tulpar”, Ukraynanın “Uraqan” və Azərbaycanın “Araz-Naxçıvan” klublarında çıxış edib. İvano-Frankovsk komandasının tərkibində Ukrayna çempionu olub, iki dəfə Azərbaycan çempionatında qızıl medal və UEFA kubokunun bürünc mükafatçı olub.
Bironun məşqçi karyerasına gəlincə, o, 2016/2017 mövsümündə "Araz-Naxçıvan"ı çalışdıraraq çempionluq qazandırıb, eyni zamanda Azərbaycan millisinə rəhbərlik edib.
2018-ci ildə "Orqxim"də məşqçi köməkçisi olub. Nijni Novqorodda altı ay işlədikdən sonra Qazaxıstanın "Jetysu" klubunda, daha sonra isə "Atırau" klubuna rəhbərlik edib. Qazaxıstanda 2020/2021 mövsümündə
final seriyasında yalnız "Kayrat"a uduzaraq çempionatın gümüş mükafatına sahib olub və "Atırau"da çalışdığı ilk mövsümdə komandanı Çempionlar Liqasına çıxarıb.