Millinin rəqibində ciddi zədə
Portuqaliya seçməsinin qapıçısı Ruy Patrisiu millimizə qarşı keçirəcəkləri dünya çempionatının seçmə oyunundan əvvəl ciddi zədə alıb.
Sportline.az xəbər verir ki, İngiltərənin "Vulverhempton" klubunda çıxış edən 33 yaşlı qolkiper Premyer Liqanın XXVIII turunda "Liverpul"a 0:1 hesabı ilə uduzduqları görüşdə sıradan çıxıb.
Patrisiu 86-cı dəqiqədə ağır zədə ilə üzləşib. "Vulverhempton"un kapitanı Konor Koudi rəqib futbolçu Məhəmməd Salahın zərbəsinin qarşısını almağa çalışarkən dizini öz qapıçısının başına vurub. Portuqaliyalı qapıçı meydanı xərəkdə tərk edib.
Komandanın baş məşqçisi Nunu Eşpiritu Santu qapıçının durumunun yaxşı olduğunu bildirib.
Qeyd edək ki, martın 24-də İtaliyadakı "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.