Olimpiya çempionumuz liderdir
Ümumdünya Taekvondo Federasiyası dekabr ayına olan reytinq cədvəlini açıqlayıb. Bakıda keçiriləcək Qran-pri turnirinin final mərhələsi və komandalararası Dünya Kuboku ərəfəsində tərtib olunan siyahını seçmə komandamız üçün uğurlu adlandırmaq olar.
Olimpiya çəkiləri üzrə reytinq cədvəlinin ilk onluğunda 2 təmsilçimizin adı var. Ən yaxşı göstərici Radik İsayevə məxsusdu. Olimpiya çempionumuz 80 kq çəki dərəcəsində bütün rəqiblərini qabaqlayır. Hesabında 486,02 xalı olan idmançı ikinci yerdə qərarlaşan Dmitri Şokini (Özbəkistan) 108,7 xal qabaqlayır.
Rio-2016-nın bürünc medalçısı Milad Beiqi Harçeqani 80 kq çəki dərəcəsində 6-cı pillədədir. Dünya reytinqinə gəlincə, burada Harçeqani və İsayevlə yanaşı, Ayxan Tağızadə (68 kq) və Fəridə Əzizova da var. Onlar müvafiq olaraq, 10-cu və 9-cu yerdə qərarlaşıblar. Bu cədvəldə Harçeqanı (80 kq) 5-ci olduğu halda, İsayev 2 müxtəlif çəkidə fərqli mövqedədir. 87 kq-da 4-cü olan dünya çempionumuz 87 kq-dan ağır çəkidə ikincidir.