"Panatinaikos" Avroliqadan çəkildi

“Panatinaikos” Avroliqa ilə əməkdaşlığı rəsmən dayandırıb. Bu da o deməkdir ki, Afina basketbolçuları növbəti mövsüm qitənin ən nüfuzlu klub turnirində iştirak etməyəcək.

Sportline.az xəbər verir ki, Yunanıstan klubu 2015-ci ildə Avroliqa ilə 10 illik müqavilə imzalamışdı. Amma son vaxtlar komandanın sahibi Dimitrios Yannakopulosun Avroliqa rəhbərliyi ilə söz savaşına çıxması vəziyyəti dəyişdi. Nəticədə, “Panatinaikos” Avroliqa ilə müqaviləni birtərəfli qaydada pozmalı olub. Maraqlıdır ki, komanda bundan başqa liqanın rəhbərliyini kəskin tənqid atəşinə tutub. Bəyanatda qeyd olunur ki, “Panatinaikos” son iki ayda Avroliqadan ayrılmaqla bağlı təşkilatın rəhbərliyi ilə müzakirə aparmaq istəyib. Amma Xosep Bartomeu Avroliqanın imicini gözdən salmamaq üçün müzakirədən boyun qaçırıb.

Üstəlik mətbuatın da bundan xəbər tutmasını istəməyib. Belə olduqda Afina klubu müqaviləni birtərəfli qaydada pozmağı qərara alıb. Komandanın Avroliqadan narazı qalmasının səbəbi isə gəlirlərin azalması olub. Xatırladaq ki, Avroliqanı tərk edən “Panatinaikos” növbəti mövsüm FIBA-nın bayrağı altında keçirilən Çempionlar Liqasında çıxış etməyi planlaşdırır.