Prosineçki: "Həmin epizod yadımda deyil"

“Çox danışmaq istəmirəm. Futbolda belə hallar olur”. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, bu sözlər Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkiyə məxsusdu.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasını qəbul edən komandamız üstün keçirdiyi oyunun son dəqiqələrində buraxdığı qolla məğlubiyyətə düçar olub – 0:1.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran xorvatiyalı müxəsissis fikrini bu sözlərlə davam etdirib: “Bir komanda oynadı, digəri qələbə qazandı. Yəqin komandadan razı qalarsınız. Uşaqlar baxımlı oyun sərgilədi”.

- Meydanda intizamlı, topu ayağında saxlayan komanda gördük. Bu məğlubiyyət futbolçulara psixoloji cəhətdən nə dərəcədə təsir edə bilər?

- İndi millinin oyunçuları tətilə gedirlər. Sonra “Qarabağ” Çempionlar Liqasında, digər klublar Avropa Liqasında yarışacaqlar. Futbolda belə hadisələr olur. Bu gün 70 faiz top bizdə idi. Çox az səhv etdik.

- Bu gün sanki “Qarabağ” oynayırdı. Bu sistem gələcəkdə də davam edəcəkmi?

- Mən bura gələndən eyni sistemlə oynayırıq. Yalnız son dəqiqədə səhvə yol verdik və qol buraxdıq. 4 real qol şansımız var idi. Namiqi yıxdılar, hakim təhlükəli mövqedən cərimə zərbəsi vermədi. Mən komandamdan razı qaldım.

- Bu gün 10 nəfər vuruşurdu, Kamran Ağayev vaxt “udurdu”. Bu fikirlə razısınız?

- 70-ci dəqiqədən sonra iki qol şansımız yarandı.

- 63-cü dəqiqədə komandamız künc zərbəsi qazansa da, Bədavi, Rəşad kimi oyunçular arxada qaldılar. Bu taktika ilə qələbə qazanmaq olardımı?

- Mənim həmin epizod yadımda deyil. Onu deyə bilərəm ki, bu gün güclü Azərbaycan yığmasını izlədik. Şimali İrlandiya güclü komandadı. 10 nəfərlə müdafiə olunsalar da, 4 qol vəziyyəti yaratdıq. Bircə dəfə səhvə yol verdik, qol buraxdıq. Əgər 4 vəziyyətdən ikisini qola çevirə bilsəydik, bu, son illərin ən güclü Azərbaycan yığması olardı. Norveçə qarşı fərqli oynayıb qələbə qazandıq. Ancaq bu gün üstün oynasaq da, məğlub olduq.

- Türkiyə mətbuatına inansaq, sabah “Bursaspor”la danışıq aparmaq üçün Türkiyəyə gedəcəksiniz. Bu, doğrudumu?

- Mənim AFFA ilə ilin sonuna qədər müqaviləm var. Bəlkə mənim getməyimi istəyirsiniz?

- Meneceriniz dedi ki, “Valensiya”dan təklif gəlsə də, Prosineçki qəbul etmədi. İlin sonuna qədər burda qalacaqsınız?

- Mənim, həqiqətən də, getməyimi istəyirsiniz? Mən AFFA prezidenti, baş katiblə danışmalıyam. Ondan sonra nəsə deyə bilərəm.

- Stadiona toplaşan 30 min azarkeşə hansısa sözünüz varmı?

- Hər bir azarkeşin öz fikri var. Mən dəstəyə görə azarkeşlərimizə minnətdarlıq edirəm. Bu gün meydana çıxan futbolçularım canla-başla vuruşdular. Bacardıqlarını meydanda göstərdilər. Bəli, futbolda nəticə çox vacibdi. Amma uşaqlar bu gün əllərindən gələni etdilər.

- Riçard Almeydanın simasında axtardığınız oyunçunu tapdınızmı?

- Almeyda artıq 6 ildi Azərbaycandadı. Oyunçuların əksəriyyətini çempionatdan tanıyır. Maksimi, Qaranı, Rəşadı, Bədavini, Namiqi, Əfranı tanıyır. Almeyda o oyunçuları məndən yaxşı tanıyır. Uyğunlaşma prosesində heç bir çətinliyi yoxdu. Bəli, Riçardın simasında axtardığım futbolçunu tapmışam. Həm topla, həm də topsuz çox hərəkət edir. Məncə, o son illərdə Azərbaycanda çıxış edən ən yaxşı legionerlərdən biridi. Onun məşq prosesindəki işinə baxanda fikirləşirsən ki, cənubi amerikalı yox, avropalıdı. Bəzən məşqdəki canfəşanlığını görəndə onun braziliyalı olduğunu unuduram.