Qara Qarayev: "Millidən kənarda qalmaq məni məyus edir"

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan millisinə dəvət almamasına münasibət bildirib.

Sportline.az xəbər verir ki, Canni De Byazinin açıqladığı siyahıda adı olmayan futbolçu bununla bağlı sosial şəbəkə hesabında bunları qeyd edib:

“Milli komandaya dəvət almamağımla bağlı mənə çoxlu suallar ünvanlanır. Təbii ki, millidən kənarda qalmaq ilk növbədə vətənini sevən bir azərbaycanlı, daha sonra futbolçu kimi məni məyus edir. Amma seçmilə bağlı qərarara hörmətlə yanaşıram. Hazırda özümü yaxşı hiss edirəm. Dəvət olunmamağım zədə ilə bağlı deyil. Tam səmimiyətimlə inanıram ki, milliyə dəvət alan hər kəs orada olmağa layiqdir. İnanıram ki, komanda yoldaşlarım qarşıdakı iki oyunda yaxşı çıxış edəcəklər. Onların uğur qazanacağına əminəm. Millimizə uğurlar arzulayıram. Hər iki oyunda milli komandadan olan formamı geyib, komanda yoldaşlarıma mənəvi dəstək olacam.

“Qarabağ”a gəlincə isə 3 günlük istrahətdən sonra məşqləri bərpa edəcəyik. Bütün diqqətimi komandamın növbəti oyunlarına yönəldəcəm. Həm milli çempionatda, həm də avrokuboklarda uğurlu nəticə əldə etmək istəyirik.

Sonda mənə dəstək olan və olmayan hər kəsə sonsuz təşəkkürlər!”