Şahin Diniyev: "Qarabağ"a qarşı layiqli mübarizə apardıq"

Azərbaycan Premyer Liqasının XXXIV turunun "Səbail" - "Qarabağ" oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib...

- "Qarabağ"ı layiqli çempionluğu üçün təbrik edirəm və Çempionlar Liqasında onlara uğurlar arzulayıram. Komanda bacardığı qədər mübarizə apardı. İlk qol vuran qalib gələcəkdi. İlk hissədə iki qol epizodumuz oldu. Fasilədən sonra qol buraxdıq və komanda sındı. Bu cür rəqib olanda, geri dönüş çətin olur. Səviyyə öz sözünü dedi. İki standartdan buraxdığımız qollar yerində deyildi. Hesab oyuna görə deyildi. 0:3 darmadağındır, amma oyuna görə deyildi. Fərdi keyfiyyət öz sözünü dedi. Qarşıda iki oyun var və maksimum nəticə üçün meydana çıxacağıq. Ruhdan düşmək lazım deyil, hər şey öz əlimizdədir. Futbolçulara təşəkkür edirəm ki, "Qarabağ"a qarşı layiqli mübarizə apardılar.

- Hər şey son turdakı "Şamaxı" ilə oyunda həll olunacaq?
- Deməzdim. Çalışacağıq ki, uğurlu nəticələr əldə edək və son tura saxlamayaq. Necə olacağını oyun və zaman göstərəcək. Son tura qalmasını istəmirik, qalsa da, bacardığımızı edəcəyik. İlk gündən demişəm, göstərdiyi oyuna görə, komandamız Premyer Liqadan çıxmağa layiq deyil.
 

Banner