"Qarabağ"ın Ağdam səfəri
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl, klubun direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov, klubun ağdamlı əməkdaşları, sabiq futbolçular, məşqçi və futbolçu heyəti işğaldan azad olunmuş Ağdam şəhərinə yollanıb.
Sportline.az klubun Feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda ilk olaraq Ağdam şəhərinin mərkəzində yerləşən Cümə məscidini ziyarət edib. Vitse-prezident Tahir Gözəl və futbolçular öz dualarını edib. Daha sonra komanda Ağdam Dövlət Teatrını ziyarət edib.
Şəhidlər Xiyabanına yollanan “Qarabağ” milli qəhrəman, komandanın sabiq kapitanı və baş məşqçisi Allahverdi Bağırovun məzarını ziyarət edib, ruhuna dualar oxunub.
Komandanın növbəti ünvanı İmarət stadionu olub. Prezidentin köməkçisi Hikmət Hacıyevi stadionda Tahir Gözəl qarşılayıb, futbolçular, veteran və rəhbərlik heyəti futbol oynayıb. Sonda isə “Qarabağ”ın son çempionluq kuboku meydana gətirilib və xatirə şəkili çəkilib.