"Qarabağ"ın rəqibinə azarkeş cəzası
Fransa Peşəkar Futbol Liqası (LFP) "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Nant"ı cəzalandırıb.
Sportline.az xəbər verir ki, buna azarkeşlərin "Loryan"a səfərdə 2:3 hesabı ilə uduzduqları Liqa 1-in VII tur matçında pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.
İntizam Komitəsinin qərarına əsasən, "Nant" qarşıdakı iki səfər qarşılaşmasında tərəfdarların dəstəyindən məhrum olacaq. Fanatlar oktyabrın 2-də "Monako", oktyabrın 9-da isə "Renn"lə görüşlərdə tribunaya buraxılmayacaq.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin II turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.