Qran-Pri turniri Azərbaycan cüdoçularının parlaq çıxışı ilə yadda qalıb

Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-Pri turniri Azərbaycan cüdoçularının parlaq çıxışı ilə yadda qalıb.

Sportline.az xəbər verir ki, son yarış günündə milli komandamız daha 3 medal — 2 qızıl və 1 bürünc medal qazanıb.

-100 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionu Zelim Kotsoyev və ən ağır çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri (+100 kq) bütün görüşlərində qələbə qazanaraq çempion olublar.

Kotsoyev finalda italiyalı Cennaro Pirelli, Kokauri isə ikiqat Olimpiya çempionu Lukaş Krpaleki (Çexiya) məğlub edib. -90 kq çəkidə qüvvəsini sınayan Murad Fətiyev isə bürünc medala yiyələnib. 

Bununla da, cüdoçularımız kişilərin yarışdığı 7 çəki dərəcəsinin 6-da qızıl medal qazanmaqla tarixi nəticəyə imza atıblar.

Ümumilikdə Azərbaycan millisi Qran-Prini 6 qızıl və 3 bürünc medalla başa vuraraq 33 ölkə arasında ümumi komanda hesabında birinci yeri tutub.