Qurban Qurbanov: "Daha çox çempion olmaq istərdim"

Azərbaycan Premyer Liqasının XXXIV turunun "Səbail" - "Qarabağ" oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib...

- Futbolçularımı təbrik edirəm. Bu il çox əziyyət çəkdilər. Sıx qrafikdə idik. Həm avrokuboklarda, həm də Premyer Liqada mübarizə apardıq. Amma şükürlər olsun ki, hər şey düşündüyümüz kimi alındı. Gedənlər oldu, bəzən də zədələnlər komandaya pis təsir etdi. Buna baxmayraq tempi qoruyub-saxlaya bildik. Futbolçularım bu çempionluğa layiq idi. Azarkeşlərimizin sevinci, onların bizimlə olması qüvvət verir. Fanalara təşəkkür edirəm. Hələ qarşıda iki oyunumuz var.

- Bu çempionluğun digərlərindən hansı fərqləri var?
- Hər çempionluq sanki daha vacib olur. Çünki tələblər çox olur. Çempionluqdan sonra yenə bunu istəyirlər və rəqiblər də artıq bizə qarşı ciddi hazırlaşırlar. Bu il bunun şahidi olduq. Nə qədər çətin oyunlarımız var idi. "Səbail" də bu gün çox yaxşı hazırlaşmışdı. Futbolçular elə səviyyəyə gəlib çıxır ki, heç bir rəqibdən çəkinmir. Sonuncu çempionluq daha vacib və şirin olur. Görünən odur ki, daha çox əziyyət çəkməliyik. Hansısa titulu əldə etdikdə, sanki rahat nəfəs almağı düşünürük, amma belə deyil. Əksinə, bizim rahat olmağa, futbol haqda düşünməməyə vaxtımız yoxdur. Azarkeşlər, sizlər, rəhbərlik bunu tələb edir. Çempionluq bitdi, qarşıdakı turnirlərə hazırlaşmalıyıq. İlboyu bu işlərlə məşğul oluruq. Hər çempionluq daha vacibdir və dəyərli olur.

- 10-cu dəfə çempion olmaqla Azərbaycan futbolunda ilkə imza atdız...
- Bəli, 10-cu çempionluqdur. Hər çempionluq istənilən klubu daha da böyüdür. 10-cu çempionluq və iki böyük ulduz, klubun tarixinə düşür. Mənim dövrümdə oldu bunlar, buna görə çox sevinirəm. Buna uğurumuzun bir hissəsi kimi baxırıq.

- Qarşıdakı oyunlar formal xarakter daşıyacaq. Az şans qazananları oynadacaqsız?
- Hər oyuna çox ciddi hazırlaşacağıq. Rotasiyalar ola bilər, bu, qaçılmazdır. Mövsümboyu çox yorulan, güc sərf edən futbolçular var. Onlar üçün xüsusi proqramımız ola bilər. Məşqçilərlə bu məsələni müzakirə edəcəyik. Əvəzedici heyətdən futbolçu götürmək fikrimiz yoxdur. Onsuz da əsas komandada az şans qazanan oyunçular var. Onları oynatmağı düşünəcəyik. Futbolçularımın hər birinə güvənirəm. Zubir, Bədavi zədə səbəbindən bu gün yox idi. Onlardan başqa yorulan futbolçularımız da var.

- 10 çempionluğun 9-u sizinlə bağlıdır. Deyəsən, Aleks Ferqyusondan geri qalırsız. Onun uğurunu təkrarlamaq istəyərsiz?
- Tək onun uğurunu deməzdim... Daha çox çempion olmaq istərdim. Nə qədər buradayıq, futboldayıq, hər turnirdə maksimumu verməyə çalışacağıq. Amma qarşıdakı mövsümlərdə də qarşımıza böyük hədəflər qoyacağıq. Daha irəli getmək istəyirik.

- Sevimli və uğurlu rəqəminiz 13-dür. Bu gün də ilk qolu 13 nömrəi Bəhlul Mustafazadə vurdu.
- Həm də ayın 13-dür?(gülür) Rəqəmlərdə uğur axtarmıram. Sadəcə istər-istəməz insanın marağında olur. Xırda elementə maraq daha çox olur. Ayın 13-də doğulmuşam və buna görə bu rəqəm xüsusidir. Amma bu hər şey demək deyil. 13 olmadığında, 13 nömrəli futbolçu qol vurmayanda da çempionluq əldə etmişik. Nömrəyə görə yox, Bəhlula görə sevinirəm. Hər oyunda demək olar, epizodu olurdu. Bu qol bəlkə də, inamını daha artırar.

- Diakabi və Benzia avrokuboklar başlayana qədər tam hazır vəziyyətə gələcək?
- Bizim düşüncələrimizlə bu gün hər ikisi optimal formada olmalıydılar. Əfsuslar olsun ki, fikirlərimiz düzgün olmadı. Sadəcə futbolda bəzən düşünmədiyin nəticələr, transferlər olur. Kimə daha çox güvənirsən, bəzən daha çox zədələnir. Abbas Hüseynov komandada fiziki cəhətlərinə görə üstünlərdəndir. Amma qış hazırlığında bəsit epizodda zədələndi. Buna görə, sizə cavab verməyə tam ehtiyat edəcəm. Get-gedə zədələrini geridə qoyacaqlar. Benziada hansısa problem olacağını düşünmürəm. Normal durumdaydı, əzələ problemi oldu. Diakabidə sümük nahiyyəsindədir deyə, uzun çəkə bilər. Hər bir halda, ümid edək ki, hazırlıq dönəmində komanda ilə məşqlərə başlasınlar.

- Mövsümün bitməsinə iki tur qalıb. Kimin gedib, kimin qalacağı bəllidir?
- Gedəcəklər haqda tam düşünməmişəm. Həmişə istəmişəm, futbolçuları qoruyub-saxlayım. Qarşılıqlı razılaşa bilməyəndə yollarımızı ayırırıq. Yeni futbolçularla bağlı danışıqlar gedir. Bəzən elə olur ki, danışırsan, hər şey alınır, amma futbolçu gəlmək istəmir. Danışıqlarımız gedir, bundan sonra daha sürətləndirəcəyik. Heyətin qalmasını və əlavə bir neçə oyunçunun gəlməsini istəyirəm.

- "Beşiktaş"ın baş məşqçisi Şenol Güneş "Qarabağ"ın uğurlarından və sizinlə ünsiyyətindən danışdı. Türkiyədə kifayət qədər tanınırsız. Xaricə getməyi düşünürsüz?
- Əfsuslar olsun ki, "Sabah"- "Beşiktaş" oyununda iştirak edə bilmədim. Halbuki çox istəyərdim orada olum. Oyunun ilk 15-17 dəqiqəsinə baxa bildim. Çox maraqlı oyun gedirdi, stadionda atmosfer möhtəşəm idi. Şenol Güneşlə görüşməyi çox istəyərdim. Münasibətlərimiz çox yaxşıdır. Bugünkü oyun Azərbaycan futbolu üçün vacib idi. Belə oyun göstərdiyinə görə komandaya və "Sabah"ın rəhbərliyinə təşəkkür edirəm. Belə oyunlar futbolun sevilməsinə gətirib çıxarır. Xaricə getməyə gəldikdə, hazırda burdayam. Həyatın işini bilmək olmaz. Bu komandaya çox sadiqəm. Çox istəyirəm ki, "Qarabağ"ın uğurları daha bol olsun. İndi getməyi düşünmürəm, gələcəkdə nəsə olsa, xəbəriniz olacaq.

- Bu mövsüm bir komanda Premyer Liqanı tərk edəcək. Sizcə, elitanı kiminsə tərk etməsi lazımdır, ya komanda sayı artmalıdır?
- Bu suala cavab vermək bəsitdir, özümdən heç nə deməyəcəm. Reqlamentə görə, biri getməli, digəri gəlməlidir. Hansısa fikir bildirməyə ehtiyac yoxdur. Dəfələrlə demişəm, bunlar oturduğumuz yerdə fikir bildirəcəyimiz məsələ deyil. Müzakirə olunası suallardır. Fikir bildirməyimə ehtiyac yoxdur. Onsuz da nəsə desəm, həyata keçirilməyəcək. Reqlamentə uyğun addım atılacaqsa, cavab da bəllidir.
 

Banner