Qurban Qurbanov üçün əlamətdar gün

Həm məşqçi, həm də futbolçu kimi Azərbaycan futbol tarixinin ən uğurlu simalarından sayılan Qurban Qurbanovun doğum günüdür.

Sportline.az xəbər verir ki, illərdir çempionluğu heç kimə verməyən, Azərbaycan futboluna liderlik və ölkəmizi Avrokuboklarda layiqincə təmsil edən "Qarabağ"ın uğurlarında böyük pay sahibi olmuş baş məşqçi 49 yaşını tamamlayır. Azərbaycanlı futbolsevərlərə həm ölkə çempionatlarında, həm də Avropa arenalarında saysız qələbələr, sevinclər bəxş etmiş Qurban bəy 1972-ci il aprelin 13-də Zaqatala rayonunun Aşağı Tala kəndində dünyaya göz açıb. 

Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Üç dəfə Azərbaycan çempionatının, iki dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub.

1992-2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 

2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006-2008-ci illərdə "Neftçi"də baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi Ağdamı, yaralı bölgəmizi layiqincə təmsil edən "Qarabağ"ı çalışdırmaqdadı. 

"Qarabağ" klubu ilə ardıcıl 6 dəfə Azərbaycan çempionu olan mütəxəssis 4 dəfə də ölkə kubokuna sahib çıxıb. Təbii ki, mütəxəssisin baş məşqçi kimi əsas uğurları beynəlxalq arenalarla bağlıdı. Qurbanovun rəhbərliyi altında "Qarabağ" 5 dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edib. O, futbol tariximizdə ilk dəfə Azərbaycan klubunu Çempionlar Liqasının qrup mərhələsinə daşıyan məşqçi olub.

Qurban Qurbanov 2017-2018-ci illərdə paralel olaraq millimizi də çalışdırıb.