Rəcəbovla Məmmədyarov Çempionlar turunda

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində iştirak edəcək şahmatçıların adları açıqlanıb.

Sportline.az xəbər verir ki, turnirdə Teymur Rəcəbovla yanaşı Şəhriyar Məmmədyarov da bacarığını göstərəcək.

IV mərhələdə 16 şahmatçının iştirakı nəzərdə tutulub. Bunlardan 14-nün adı artıq məlumdur.

Digər 2 şahmatçı isə Nils Qrandelius (İsveç), Aryan Tari (Norveç), Alan Piçot (Argentina) və Maks Varmerdamın (Niderland) iştirakı ilə bu gün keçiriləcək təsnifat yarışından sonra bəlli olacaq.

Çempionlar Turunun IV mərhələsinin digər iştirakçıları: Maqnus Karlsen (Norveç), Yan Nepomnyaşi, Sergey Karyakin, Daniil Dubov (hər üçü Rusiya), Aniş Giri, Yorden Van Forest (hər ikisi Niderland), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa), David Anton (İspaniya), Levon Aronyan (Ermənistan), Alireza Firuzca (FIDE).

Qeyd edək ki, martın 13-də start götürəcək əsas mərhələnin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 22-dək davam edəcək. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.