Rövşən Hüseynli: "Suallara meydanda aydınlıq gətiriləcək"
Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli DÇ-2020-nin seçmə mərhələsinin püşkatmasını dəyərləndirib.
Sportline.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının saytına danışan qolkiper rəqiblərdən Slovakiyanı xüsusi fərqləndirib. O, Slovakiya ilə 2015-ci ilin sentyabrında da qarşılaşdıqlarını xatırladıb: "Bakıda 3:1 hesabı ilə qələbə qazandıq, səfərdə isə 1:1 hesablı heç-heçə etdik. Bu komandanın karyeramda xüsusi yeri var. Çünki milli komandada debütüm məhz bu komanda ilə matçda baş tutdu. Qeyd etdiyim kimi, Bakıdakı oyunda qələbə qazansaq da, oyun kifayət qədər çətin keçdi. Ancaq milli karyerama qələbə ilə başlamağımın ayrı yeri var. Digər rəqiblərimiz ilkin mərhələdən vəsiqə qazanacaq. H qrupunun qalibi, G qrupunun ikincisi ilə gücümüzü sınayacağıq”.
Hüseynli kağız üzərində favorit olsaq belə, tələsməməyi vurğulayıb: "Ümumi dəyərləndirmə aparsaq, püşk tərəfimizdədir. Reytinqi, iştirak etdiyimiz yarışları, rəqiblərimizi göz önünə gətirdikdə, əlbəttə, biz qrupun aşkar favoriti hesab edilirik. Ancaq bu aysberqin üzdə olan tərəfidi. Futzal sürətlə inkişaf edir. Son illərdə qeydə alınan nəticələr də bunu göstərir. Ona görə də suallara meydanda aydınlıq gətiriləcək”.
Millinin qapıçısı ilkin mərhələdən əsas mərhələyə yüksəlmək ehtimalı olan komandalarla bağlı proqnozunu da açıqlayıb: "Moldova millisini favorit hesab edirəm. Həm də bu komanda bizə tanışdı. Ancaq son illərdə Finlandiya yığması da inkişafdadır. Məncə, ilk iki yer uğrunda mübarizə bu komandalar arasında gedəcək. Digər qrupda isə Hollandiya yığması aşkar favoritdir. Ancaq istisna da ola bilər. Əgər onlar ikinci yerlə vəsiqə qazansalar, bizim üçün yad rəqib olmayacaqlar. Dünya çempionatının play-off mərhələsində məhz onlarla qarşılaşmışdıq. Səfərdə 5:1 hesabı ilə məğlub etdiyimiz hollandlarla Bakıda 4:4 hesablı heç-heçə etmişdik. Estoniyanı da unutmaq olmaz. Ümumiyyətlə, Hollandiyanı çıxsaq, digər 3 komanda güc baxımından bir-birinə yaxındırlar”.
Millimizin "dişinə” uyğun rəqiblər olduğunu deyə Hüseynli əsas mərhələ ilə işləri yekunlaşdırmaq haqda deyil, Litvaya vəsiqə qazanmağı düşündüklərini də əlavə edib: "Rəqiblərimiz "dişimizə” uyğun komandalardı. Ancaq biz əsas mərhələ ilə kifayətlənmək istəmirik. Əsas işimiz elit-raunda da olacaq. Reqlamentə uyğun olaraq elit-raundun qalibləri birbaşa final, ikinci yeri tutan millilər isə pley-off oyunlarına vəsiqə qazanacaqlar”.
Qeyd edək ki, millimiz əsas mərhələnin üçüncü qrupunda Slovakiya, ilkin mərhələnin H qrupunun qalibi və G qrupunun ikincisi ilə qarşılaşacaq.