Barış üçün 40 milyon avroluq təklif var

“Qalatasaray”ın milli futbolçusu Barış Alper Yılmazla bağlı transfer iddialarına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə İngiltərə Premyer Liqasının iki klubu - “Everton” və “Tottenhem”in maraqlandığı bildirilir.

Məlumata görə, “Everton” Barış Alper Yılmaz üçün “Qalatasaray”a 35 milyon avro və 5 milyon avro bonusdan ibarət şifahi təklif irəli sürüb.

Lakin İstanbul klubunun rəhbərliyi hələlik rəsmi təklif gözləyir. Bildirilir ki, “Everton” tərəfindən Barış Alperlə bağlı “Qalatasaray”a rəsmi müraciət daxil olmayıb.

Qeyd edək ki, Barış Alper Yılmaz ötən mövsüm “Qalatasaray”ın əsas oyunçularından biri olub. O, bütün turnirlərdə 49 matçda meydana çıxıb, 12 qol vurub və 16 məhsuldar ötürmə edib.

Hazırda Barış Alper Yılmazın bazar dəyəri 30 milyon avro qiymətləndirilir. Onun “Qalatasaray”la müqaviləsi isə 2028-ci ilin yayına qədər qüvvədədir.

İngiltərə klublarının marağı fonunda “Qalatasaray”ın milli futbolçu ilə bağlı mövqeyi və mümkün rəsmi təklifə verəcəyi cavab transfer gündəminin əsas mövzularından biri olaraq qalır.