"Sabah"ın legioneri: "Kluba borcumu qaytarmağa çalışıram"

"Əvvəlki klubum olan "Səbail"də məni çox yaxşı qarşılamışdılar. Orada 1 il oynadım. Həmin vaxt mənim kimi futbolçu axtarırdılar. Mən də onlara öz xidmətimi təklif etdim. Beləliklə, heç bir testdən keçmədən bu komanda ilə müqavilə bağladım".

Sportline.az xəbər verir ki, bu fikirləri "Sabah"ın futbolçusu Kevin Kubemba "leparisien" nəşrinə açıqlamasında 2018-ci ildə "Səbail"ə keçidi barədə danışarkən deyib.

Fransalı hücumçu bildirib ki, getdiyi yeni ölkəyə hər dəfə daha tez uyğunlaşır: "Bu, daim səyahət edən futbolçunun həyatının bir hissəsidir. Bakıya ilk dəfə gələndə şəhər məni yaxşı mənada təəccübləndirdi. Şəhərin gözəl yerində yaşadaığımız üçün xoşbəxtik. Evimizdən Xəzər dənizinə məsafə çox azdır. Amma orada üzə bilməzsən. Çünki axın çox güclüdür".

2017/2018 mövsümündə Bolqarıstanda MOİK-in formasını geyinmiş 28 yaşlı forvard paytaxt Sofiya ilə Bakını müqayisə edib: "Tanımadığım yerə gedəndə oranın tarixi, mədəniyyəti ilə maraqlanmağa çalışıram. Sofiya da Bakı qədər sevirəm. Hər ikisi gözəl şəhərdir və ortaq cəhətləri çoxdur".

İki ildən çoxdur doğmalarını görmədiyini deyən təcrübəli oyunçu anası, qardaş-bacısı və uşaqlıq dostları üçün darıxdığını söyləyib: "Düzdür, əlaqə saxlamaq üçün xeyli vasitə var. Amma bu fiziki təması əvəz etmir. Bolqarıstanda dəfələrlə olduğu kimi, ailəm hələ Azərbaycana gəlməyib".

Cari mövsüm 5 qol vuran Kubemba "Sabah"ın Premyer Liqada autsayder olmasına da toxunub: "Klub mənə etimad göstərdi, mən də borcumu qaytarmağa çalışıram. Səyahət karyeram üçün həyati önəm daşımır. Əks halda başqa ölkəyə gedə bilərdim. Çünki təkliflərim var idi. Əsas ailəmin təhlükəsizliyidir".