Səid Mollayi: "Karyeramı bitirdikdən sonra hakimliyə başlayacağam"
"Karyeramı bitirdikdən sonra hakimliyə başlayacağam. Çünki bu işi sevirəm".
Sportline.az bunu Azərbaycan cüdoçusu Səid Mollayi (81 kq) Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi yutub kanalına müsahibəsində deyib.
O, bildirib ki, yaxşı nəticə idmançının aktivinə, uğursuzluq isə məşqçinin passivinə yazılır: "Hakimlik isə stresli iş olsa da, məşqçilik kimi deyil. Düşünürəm ki, bu, mənim üçün daha yaxşıdır. Hakim olmağı çox arzulayıram".
Cüdo ilə 2010-cu ildən - 18 yaşı olarkən məşğul olmağa başlayan cənubi azərbaycanlı idmançı ən yaxın dostunun millidən komanda yoldaşı Hidayət Heydərov (73 kq) olduğunu söyləyib: "Zarafatcıl oğlandır. Daim birlikdəyik. Yarışlar və təlim-məşq toplanışları zamanı eyni otaqlarda qalırıq. Bu, mənim üçün çox önəmlidir. Hidayət hər zaman mənə hörmət edir".
Dünya çempionu, Tokio olimpiadasının gümüş mükafatçısı ən sevimli və xüsusi fəndini də açıqlayıb: "Təbii ki, bu, "kata quruma"dır (əsasən əllərin köməyi ilə ayaqüstü atma fəndi). Çünki bu, mənim güləş üslubuma daha uyğundur".
Mollayi "Sevimli qəhrəmanınız və ən bəyəndiyiniz cüdoçu kimdir" sualına bu cür cavab verib: "Sevimli qəhrəmanım Elnur Məmmədlidir. O, əsl əfsanədir. Bəyəndiyim cüdoçu isə yunanıstanlı İlias İliadisdir. Əsl döyüşçü idi. Mənim sevimli fəndlərimdən biri olan "ura nage"ni (beldən iki əlli tutmaqla başı üzərindən atma) 2011-ci il dünya çempionatında rusiyalı Kiril Denisova tətbiq edib".
31 yaşlı cüdoçu gizli istedadının yemək bişirmək olduğunu gizlətməyib: "Aş, səbzi, lobya kimi dadlı yeməklər hazırlaya bilirəm".
O, öz çəkisindəki əsas rəqiblərinin adlarını da çəkib: "Çoxlu güclü rəqibim var. Bunlar Sagi Muki, Hasan Xalmurzayev və Mattias Kassedir. Cüdodan kənarda da rəqibim var. Adı Sebastiandır. Hər şeyə görə bir-birimizlə mübarizə aparırıq. Bəzən o, bəzən də mən özümü qalib, ən yaxşı elan edirəm".
Təcrübəli idmançı ən yaddaqalan yarışının 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatı olduğunu qeyd edib: "Dünya çempionu olmuşdum. Atan və anam da yanımda, zalda idi. Mükafatlandırma mərasimindən sonra onlara tərəf qaçdım və hər ikisini qucaqladım. Medalımı onlara verdim.
Mollayi sonda insanlara məsləhət də verib: "İşinizdən zövq alın. Hər zaman xoşbəxt olmaq lazımdır".
Qeyd edək ki, Səid Mollayi 2022-ci ilin mayından Azərbaycan millisində çıxış edir.