"Sinquefield Cup": Məmmədyarov bir pillə də gerilədi

ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" seriyasının beşinci mərhələsi olan "Sinquefield Cup" (Sinkfild Kuboku) turniri davam edir.

Sportline.az xəbər verir ki, yarışda səkkizinci turun görüşləri keçirilib. Təmsilçimiz Şəhriyar Məmmədyarov qara fiqurlarla yerli şahmatçı Cefri Şonq ilə üz-üzə gəlib. Qarşılaşma 34-cü gedişdə "sülh"lə yekunlaşıb.

Beləliklə, Məmmədyarov daha bir pillə geriləyərək 3,5 xalla turnir cədvəlində 8-ci yerdə qərarlaşıb. Son tur ərəfəsi sıralamaya 5,5 xalla Maksim Vaşye-Laqrav başçılıq edir. Fabiano Karuana, Lenyer Dominges və Uesli So isə hərəyə 5 xal toplayıblar.

Qossmeysterimiz son görüşünü ağ fiqurlarla Vaşye-Laqrava qarşı keçirəcək.

Görüşlər Bakı vaxtı ilə 00:00-da başlayır.

Qeyd edək ki, 10 şahmatçının iştirakı ilə keçirilən turnirin mükafat fondu 325 min dollardır. Qalib 90 min dollar qazanacaq.

"Sinquefield Cup"

VIII tur

Ceffri Şonq (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 0,5:0,5
Fabiano Karuana (ABŞ) - Pyotr Svidler (Rusiya) 0,5:0,5
Dariuş Sverç (ABŞ) - Rixard Rapport (Macarıstan) 0,5:0,5
Lenyer Dominges (ABŞ) - Sem Şenklend (ABŞ) 0,5:0,5
Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (ABŞ) 0,5:0,5