Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub

"Şüa" İdman Kompleksində keçirilən stolüstü tennis üzrə ölkə birinciliyinə yekun vurulub.

Sportline.az xəbər verir ki, yarışda U-19 və U-15 yaş qrupları üzrə idmançılar bacarıqlarını göstəriblər.

Aprelin 30-da start verilən birincilikdə komanda, qoşa, qarışıq-qoşa və şəxsi mübarizədə qaliblər müəyyənləşib.

19 yaşadək qızların komanda turniri "Sümqayıt-1" kollektivinin qələbəsi ilə başa çatıb. Oğlanların yarışında isə baş mukafatı "Bakı-1" komandası qazanıb. U-15 yaş kateqoriyasında qızların mübarizəsində "Sumqayıt-1", oğlanların yarışında isə "Şabran" qələbəni bayram edib.

U-19 yaş qrupunda qızların qoşa yarışında Mərziyyə Nurmətova ilə Aylin Əsgərova birinci olub. Oğlanların turnirində Adil Əhmədzadə - Rüstəm Hacılı tandemi bütün rəqiblərini üstələyib.

Qarışıq-qoşa mübarizədə Adil Əhmədzadə ilə Nigar Mahmudova birinci yer tutub. Şəxsi yarışlarda isə Mərziyyə Nurmətova və Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

U-15 yaş qrupunda qoşa yarışlardan Yağmur Məmmədli – Xədicə Eylazova və Onur Quluzadə - Əliəkbər Mirzəliyev duetləri qalib ayrılıb. Qarışıq-qoşa mübarizədə Onur Quluzadə ilə Yağmur Məmmədli qələbə qazanıb. Yağmur Məmmədli ilə Onur Quluzadə şəxsi yarışların da qalibi olublar.

Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub.