Stronqmen və poverliftinq üzrə yarışlar başlanır
Azərbaycan Stronqmen Federasiyası ilin ilk ölkə çempionatını keçirəcək.
Sportline.az xəbər verir ki, Su İdmanı Sarayının ərazisində təşkil olunacaq turnirdə poverliftinqçilərimiz də qüvvəsini sınayacaqlar. Stronqmençilərimiz “Strikt Körl”, poverliftinqçilərimiz isə “Benc press” və “Dedlift” növündə qran-pridə yarışacaqlar.
Turnirdə ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparacaq. Bakı ilə yanaşı bölgələrdən də stronqmençilərinin ölkə çempionatında iştirakı yarışa marağı xeyli artırır.
Müvafiq yarış yığma komandanın heyətinin formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. Mütəxəssislər mövcud şəraitdə yarışın keçirilməsini vacib sayır. Uzun müddətdir pandemiyaya görə zallardan kənarda qalan idmançılarımız açıq havada məşqlərini davam etdirirlər.
Qeyd edək ki, stronqmen üzrə Azərbaycan çempionatı və poverliftinq növündə qran-pri yarışları iyunun 13-də təşkil olunacaq.