"Sumqayıt" klubu öz rekordunu yenilədi

Azərbaycan Premyer Liqasının lideri “Sumqayıt” klub tarixinin rekorduna imza atıb.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, "gənclik şəhəri” təmsilçisi indiyədək heç vaxt çempionatda belə uğurlu start götürməyib.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 6 turdan sonra 11 xala malikdir. Bu da 2011/2012 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisinin rekordudur.

Komanda indiyədək heç vaxt ilk 6 turda 11 və ya daha çox xal toplamayıb. “Sumqayıt” bunadək startdakı 6 turda 2018/2019 mövsümündə 10, 2014/2015 mövsümündə 9 xal qazanıb.

"Sumqayıt"ın futbolçusu Rəhim Sadıxov isə Premyer Liqada mövsümün 50-ci qoluna imza atıb. O, "Zirə” ilə ev matçında fərqlənib.

Ümumilikdə, cari mövsümün baş tutan 23 qarşılaşmasında 52 top vurulub. Orta məhsuldarlıq 2,26-ya bərabərdir.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 21-də “Sumqayıt”la səfər oyununda “Keşlə”nin futbolçusu Azər Salahlı vurub.