Teymur Rəcəbov 3-cü yer uğrunda görüşün ilk günündən qalib ayrıldı

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun III mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda görüşlərin ilk günündən qalib ayrılıb.

Sportline.az xəbər verir ki, tərəflər bu gün dörd dəfə üz-üzə gəliblər. İlk partiyada heç-heçə qeydə alınıb - 0,5:0,5. Növbəti partiyada Rəcəbov ağ fiqurlarla qalib gəlib. Lakin üçüncü dueldə Vaşye-Laqrav üstün olub. Bununla belə, Azərbaycan təmsilçisi dördüncü qarşılaşmada rəqibini təslim edərək, günü 2,5:1,5 hesablı üstünlüklə tamamlayıb.

Tərəflər fevralın 14-də də üz-üzə gələcəklər. İkinci oyun günündə Rəcəbov ən azı heç-heçəyə nail olsa, turniri 3-cü pillədə başa vuracaq.

Qeyd edək ki, norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Uesli So arasındakı final görüşünün ilk günündə qalib müəyyənləşməyib - 2:2 (0,5:0,5; 1:0; 0,5:0,5; 0:1).