Teymur Rəcəbov yarımfinal uğrunda növbəti oyunlarını keçirəcək

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında növbəti görüşlərini keçirəcək.

Sportline.az xəbər verir ki, 34 yaşlı qrossmeyster bu raundun ikinci yarış günündə Niderlandı təmsil edən Aniş Giri ilə ən azı daha 4 dəfə üz-üzə gələcək.

Tərəflər arasında ilk günün 4 qarşılaşması heç-heçə yekunlaşıb - 2:2. İlk 2 partiyada şahmatçılar xalları yarı bölüblər. Üçüncü partiyada Rəcəbov qələbə qazansa da, dördüncü sınağında məğlub olub. Bugünkü 4 oyunda da qalib müəyyənləşməsə, yarımfinala vəsiqə qazanan şahmatçı tay-breykdə bəlli olacaq.

Qeyd edək ki, Aniş Giri seçmə mərhələni 9,5 xalla 2-ci, Teymur Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.

"Opera Euro Rapid"

1/4 finalın ilk oyun günündə qeydə alınan nəticələr

Aniş Giri (Niderland) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 2:2

Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya) - 2,5:0:5

Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa) - 2,5:1,5

Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa) - 1,5:2,5