Teymur Rəcəbovun İddiaçılar Turnirinə qatılma şansı yarandı
Azərbaycan şahmatçısı Teymur Rəcəbovun İddiaçılar Turnirinə bərpası üçün yeni imkan yaranıb.
Sportline.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasının (AŞF) və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov məlumat verib. FIDE rəsmisinin sözlərinə görə, belə bir variant Çin şahmatçıları Dinq Liren və Van Haonun yarışla bağlı narazılıqlarından sonra üzə çıxıb: "Əvvəlki format Rəcəbovun turnirdə iştirakına imkan vermir. Lakin bildiyim qədərilə çinli şahmatçıların koronavirus üzündən Rusiyaya səfər məhdudiyyətləri var. Onların hərəkət sərbəstlikləri çox azdır, rəhbərlik səviyyəsində icazə aldıqdan sonra belə turnirlərə qatıla bilirlər. Liren və Hao Rusiyaya getmələrinə razılığın verilməyəcəyindən ehtiyatlanırlar. Belə bir söhbət var, amma nə dərəcədə doğru olduğunu bilmirəm. Hər halda təşkilatçılar çinli şahmatçıların İddiaçılar Turnirinin keçirilməsinə müəyyən maneə yarada biləcəklərindən ehtiyatlanırlar. Bu və digər səbəbdən, İddiaçılar Turnirinin ikinci mərhələsi sual altına düşsə və oynanılmasa, Teymurun hazırkı yarışa qatılma şansı yaranır".
M.Məmmədov Rəcəbovun haqlı olmasının FIDE prezidenti Arkadi Dvorkoviç səviyyəsində dəfələrlə bəyan edildiyini xatırladıb: "2020-ci il martın əvvəllərində Rəcəbov İddiaçılar Turnirinin başqa tarixə keçirilməli olduğunu bildirirdi. O, mövqeyində haqlı olmasına baxmayaraq, öz hüquqlarının müdafiəsi yönündə hamı üçün başağrı yaratdı. İndi məsələni hamı birgə həll etməlidir. Biz onun haqlı olduğunu qəbul etməklə yanaşı, məsələnin həllinin çətinliyini də vurğulayırıq. Məndə olan ilkin məlumata görə, İddiaçılar Turniri apreldə Rusiyanın Yekaterinburq şəhərində yox, Moskvada keçiriləcək. Bu barədə açıqlamalar mütləq olacaq. FIDE asan vəziyyətdə deyil. Bu dəfə olmasa, gələn tsikldə mütləq Teymurun maraqlarının gözlənilməsi üçün format axtaracağıq".
Şahmat funksionerinin sözlərinə görə, koronavirus FIDE-nin işini dəfələrlə çətinləşdirib: "Oturduğumuz yerdə özümüz üçün başağrı, problem qazanmışıq. Pandemiya, gözlənilməz ssenarilər və onunla əlaqədar yaranan fəsadlar 100 ildə bir dəfə olan şeydir. Heç kim də bundan sığortalanmayıb".
Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirindən koronavirusun yayılması səbəbindən imtina etmişdi. Rusiyanın Yekaterinburq şəhərindəki turnir martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub. 8 qrossmeysterin qatıldığı turnirin VIII turdan davam etdiriləcəyi açıqlanıb. 7 turdan sonra fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Yan Nepomnyaşi hərəyə 4 xalla ilk 2 pilləni bölüşür.